|
Bu torpaqdı sazın-sözün mahalı
Hər çəməni, hər talası bir xalı
Dağları var yapıncılı, çalmalı
Kitabtutmaz min dastanım Faxralı
Coğrafi mövqeyi: Faxralı kəndi Dələver (Talaveri)
çayının sahilində, rayon mərkəzindən 19 km gündoğarda,
dəniz səviyyəsindən 560 m hündürlükdə yerləşir.
Əhalisi: 1870-ci ildə 170 ailədə 1139
nəfər, 1926-cı ildə 470 ailədə 2321 nəfər, 2002-ci
ildə 1447 ailədə 6891 nəfər, 2006-cı ildə 1568 ailədə
6784 nəfər.
Maarif: Dünyəvi
məktəb 1919-cu ildə yaradılıb. Orta məktəb (2005-ci
ildə 26 sinifdə 563 şagird), iki baza məktəbi (2005-ci
ildə müvafiq olaraq 17 sinifdə 267 şagird və 10
sinifdə 143 şagird) fəaliyyətdədir.
Toponimi: Faxralı ulu
babalarımızın məskən saldığı, öz gözəl ənənələrinin
xatirələrini yaşadan bir kənddir. Müdrik qocalar, el
ağsaqqalları və ağbirçəkləri kəndin adını "Fağır
Alı", bəzən də "Fəxr Əli" (Həzrət Əlinin
Fəxri, islamın təbliğatçısı) kimi mənalandırmış,
Qazaxın sonralardan Dağ Kəsəmən kəndinə birləşmiş
Faxralı kəndi, bəzən də Goranboy rayonunun Faxralı
kəndi olə eyni kökdən olduğunu nəql etmişlər.
Tarixi: Müşahidələrin
nəticəsi budur ki, ulu babalarımız ilk dəfə Molla
Əhmədli təpəsi deyilən yerdə yurd salmış, sonra
indiki İmir Həsən kəndinin ərazisində
məskunlaşmış, nəhayət axırıncı dəfə isə suyu, otları
bol olan ucsuz-bucaqsız geniş bir ərazidə meşəlik
sahələri indi Ermənistan adlanan qədim türk torpaqları
ilə sərhədlənən iki dağ arasında, mənzərəli bir yerdə
Faxralı adlı vətən tutmuş, həmişəlik yurd-yuva
qurmuşlar. bu tarixi faktı hər üç qədim yaşayış
yerinin ərazisində olan qəbilər də tasdiqləyir.
Yaxınlıqda qədim abidələr, səkkizayaqlı kilsə,
qəbirüstü yazılar, XVII əsrin yadigarı məscid diqqəti
çəkir.
Söz düşəndə 30-35-ci illərin
dünyagörmüş qocaları deyərdilər: "Faxralı yeddi kəndin
sonudur." Məlumdur ki, Faxralı 30-dan çox tayfanı
özündə birləşdirib. Hətta bu tayfaların bir qisminin
İranda, Türkiyədə, Azərbaycanda, Türkmənistanda və
türklər yaşayan digər ərazilərdə eyni adlı tayfalar,
kəndlilərlə soydaşlıqları barədərəvayətlər, fikirlər
söyləmək olar.
Faxralı Bolnisi rayonunun ən böyük,
axar-baxarlı kəndlərindən biridir. Başqa kəndlərdə
olduğu kimi, bu kənddə də əhali mal-qara saxlasa da,
onların əsas məşğuliyyəti əkinçilikdir. Yaylaqlarda
xatirə kimi qalan mal-qoyun arxacları, xalxallar,
yüksək zirvələrdə düzəldilmiş daş qaravullar (nişangahlar)
əsrlərin yadigarıdır.
Vaxtilə kənddə yeddi mindən artıq
əhali yaşayıb. Bu kənddə başqa kəndlərdən fərqli
olaraq, su məsələsi çətindir. Kəndin əkin sahələrinin
çox hissəsi susuz-dəmyə torpaqlardır. Həyətyanı
sahələri suvarmaq üçün su yoxdur. Əhali içməli,
ümumiyyətlə, hər şey üçün istifadə etdiyi suyu
bulaqdan daşıyır. Kənddə 15-dən artıq bulaq var, hər
kəs suyu özünə yaxın olan bulaqdan gətirir.
Onu da qeyd edək ki, Gürcüstanda
qatı millətçi Qamsaxurdiyanın prezident olduğu dövrdə
Bolnisinin digər kəndləri kimi Faxralının da adı
dəyişdirilib, olub Talaveri. Yeri gəlmişkən,
kənd sakinləri kəndin tarixi adının dəyişdirilməsindən
çox narazı qaldıqlarını söyləyərək, dəfələrlə bu
barədə əlaqədar təşkilatlara müraciət etdiklərini,
lakin bunun heç bir nəticə vermədiyini bildirdilər.
Onların dediyinə görə, bu məsələ Saakaşviliyə də
çatdırılıb, ancaq sözügedən problemə o da maraq
göstərməyib.
Məhşurları: Faxralı
camaatı sazlı-sözlü, şair təbli xalqdır. Bu el çoxlu
saz-söz ustaları, şairlər, ziyalılar - alimlər
yetişdirib. Faxralı kəndinin yetişdirdiyi alimlərdən
biri mərhum millət vəkili, professor Şamil Qurbanovdur.
Ş.Qurbanov da məhz Faxralıda dünyaya göz açaraq,
burada boya-başa çatmışdı. Bundan başqa hazırda
Azərbaycan ictimaiyyəti tərəfindən yaxşı tanınan
Mətbuat Şurasının sədri Əflatun Amaşov və
tanınmış hüquqşünas İsaxan Aşurov,
Dünya Gənc Türk Yazarlar Birliyinin mərhum üzvü,
istedadlı şair Hamlet Kazımoğlu
(DGTYB-nin Sankt-Peterburq təmsilçisi)
da məhz Faxralı kəndinin yetirmələridir.
Yazılmış kitablar:
“Faxralı tək ağır elim var mənim” toplusu,
Hüseynqulu Məmmədlinin “Görüm Faxralının biri olsun
beş”, Rəşid Faxralının ”Oğuz eli Faxralı”
kitablari qiymətlidir.
|
|