NAMAZ
BƏDƏLOV
Namaz Hüseyn
oğlu Bədəlov 1932-ci il may ayının 20-də Borçalı mahalının Bolnisi rayonunun
Faxralı kəndində anadan olmuşdur. Orta məktəbi doğma kəndində
bitirmişdir.1954-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirdikdən
sonra doğma yurduna qayıdaraq, 1959-cu ilədək Faxralı kəndindəki "Qələbə"
kolxozunda aqrotexnik, baş aqronom işləmişdir. 1959-1961-ci illərdə Azərbaycan
Elmi Tədqiqat İpəkçilik İnstitutunun aspirantı olmuşdur. Aspiranturanı
müvəffəqiyyətlə bitirdikdən sonra o, 1961-ci ildən bu institutun elmi katibi
vəzifəsinə irəli çəkilmişdir.Namaz Bədəlov 1964-ci ildə "Azərbaycanda tut
ipəkqurdunun damazlıq yemləməsi üçün çəkil sortlarının seçilməsi" adlı
namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib, biologiya elmləri
namizədi elmi dərəcəsi almışdır. O, 1972-ci ilədək İpəkçilik İnstitutunun elmi
katibi vəzifəsində işləmişdir.1972-ci ildən 1990-cı ilədək Azərbaycan Elmi
Tədqiqat İpəkçilik İnstitutunda elmi işlər üzrə direktor müavini vəzifəsində
işləmişdir. 1985-ci ildə Rostov vilayətinin Don Kənd Təsərrüfatı İnstitutunda
"Tut ipəkqurdunda yemi ödəmənin yüksəldilməsinin ekoloji və genetik seleksiya
əsasları" adlı doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib kənd
təsərrüfatı elmləri doktoru elmi dərəcəsi almışdır.O, 1990-cı ildən ömrünün
sonuna kimi institutun direktoru vəzifəsində çalışmışdır.1964-cü ildə namizədlik
müdafiəsindən sonra Namaz Bədəlov tərəfindən tut ipəkqurdunun seleksiyası və
damazlıq işinə aid aktual məsələlər müvəffəqiyyətlə işlənmiş, nəticələri
Ümumittifaq (keçmiş SSRİ), respublika və zona elmi-təsərrüfat müşavirələrində
mə’ruzə edilmiş, məqalələr çap olunmuş və istehsalata tətbiq edilmişdir.Namaz
Bədəlov 150-dən çox elmi əsərin, o cümlədən 5 monoqrafiyanın, 6 ixtiranın
müəllifi olmuşdur. Onun rəhbərliyi altında 5 nəfər elmlər namizədi müdafiə
etmişdir. O, eyni zamanda 60-dan çox elmi-publisistik məqalələr müəllifidir.15
il daimi olaraq AzKTİ-da və H.Əliyev adına özəl Aqrar Ekologiya İnstitutunda
ixtisas fənnindən mühazirə oxumuş və məşğələlər aparmışdır.Namaz Bədəlov keçmiş
ÜKTEA Koordinasiya Şurasının üzvü, AzSSR-də ipəkçilik üzrə kənd təsərrüfatının
idarə edilməsi sisteminə baxan komissiyanın sədri, AzSSR Dövlət Aqrar Sənaye
Komitəsinin heyvandarlıq problemləri üzrə elmi-metodiki Şuranın üzvü, "Şelk"
elmi-texniki Ümumittifaq məcmuəsi redkollegiyasının üzvü kimi ipkəçiliyin
inkişaf etdirilməsi üçün tədbirlər planının işlənməsində və elmi nailiyyətlərin
həyata keçrilməsində fəal iştirak etmişdir.Yüksək ixtisaslı elmi kadrların
hazırlanmasında fəal iştirak etmişdir. F.A.Məlikov adına Heyvandarlıq
İnstitutunda təşkil olunmuş ixtisaslaşmış müdafiə şurasının bir neçə seçki üzvü
seçilmiş, 12 beynəlxalq simpozium və konfranslarda iştirak etmişdir.Namaz
Bədəlovun elmi fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilmiş, aqrarçı
alim kimi 1970-ci ildə "Rəşadətli əməyə görə", "Lenin yubiley medalı", 2 dəfə
ÜXTNS-nın gümüş medalı və 1974-cü ildə "Əmək veteranı" medalı ilə təltif
olunmuşdur.Namaz Bədəlov 1999-cu ildə vəfat etmişdir.
ORUC
PİRİYEV
Oruc Bayram oğlu Piriyev 1921-ci il 25 dekabrda Borçalı mahalının Faxralı
kəndində anadan olmuşdur. Orta məktəbi 1938-ci ildə indiki Bolnisi rayonunun
Faxralı kəndində bitirmişdir. 1940-ci ildə Lomonosov adına Moskva Dövlət
Universitetinin tarix fakültəsinə daxil olmuşdur. Müharibə dövründə təhsilini
yarımçıq qoymuş, könüllü surətdə cəbhəyə getmişdir. Cəbhədə göstərdiyi
şücaətlərə görə orden və medallarla təltif edilmişdir. Müharibədən təxris
olunduqdan sonra təhsilini Moskva Dövlət Universitetində davam etdirmişdir.
1955-ci ildə həmin universitetdə dissertasiya müdafiə edib, tarix elmləri
namizədi elmi dərəcəsi almışdır. 1961-ci ildə doktorluq dissertasiyasını müdafiə
etmişdir. 1960-cı ildən ömrünün sonuna kimi N.Nərimanov adına Azərbaycan Dövlət
Tibb İnstitutunun partiya tarixi kafedrasında dossent və kafedra müdiri
vəzifələrində çalışmışdır. Bu dövürdə onun pedaqoji fəaliyyəti İnstitutun
rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmiş-ona "Əməkdar ali məktəb işçisi"
fəxri adı verilmişdir. Oruc Piriyevin elmi və pedaqoji fəaliyyəti 30 elmi
məqalədə, 3 kitabda və bir neçə dərs vəsaiti və metodik göstərişdə öz əksini
tapmışdır. Oruc Piriyev 1997-ci il dekabrın 15-də vəfat etmişdir.
ŞAMİL
QURBANOV
Şamil Dünyamalı oğlu Qurbanov 1934-cü il may ayının 10-da Bolnisi rayonunun
Faxralı kəndində anadan olmuşdur. 1955-ci ildə bu kənddə 11 illik orta məktəbi
bitirmiş və həmin ildə ADU-nun (indiki BDU-nun) jurnalistika şö’bəsinə daxil
olmuşdur. Universiteti fərqlənmə diplomu ildə bitirmiş və "Azərbaycan məktəbi"
jurnalında ədəbi işçi kimi fəaliyyətə başlamışdır. 1961-ci ildə universitetin
jurnalistika fakültəsində baş laborant işləmişdir. 1962-ci ildə Şamil Qurbanov
Azərbaycan ədəbiyyatı tarixi kaefdrası üzrə aspiranturaya qəbul olmuş və 1965-ci
ildə "Zaqafqaziya rus dilli mətbuatında Azərbaycan ədəbiyyatı (1905-1917)"
mövzusunda dissertasiyanı vaxtından əvvəl müdafiə etmiş və filologiya elmləri
namizədi elmi dərəcəsi almışdır. Müdafiədən sonra o, "Bakı" və "Baku"
qəzetlərində ədəbiyyat şö’bəsinin müdiri işləmişdir. 1968-ci ildə yenidən
universitetə qayıtmış və "Azərbaycan dili və onun tədrisi metodikası"
kafedrasında dosent işləmiş, Azərbaycan dilindən dərs demişdir. 1971-ci ildə Rus
ədəbiyyatı tarixi kafedrasına keçmiş və rus ədəbiyyatından mühazirə oxumağa
başlamışdır. 1973-cü ildən Türk və Şərqi slavyan xalqları ədəbiyyatı kafedrasına
(o zaman "SSRİ xalqları ədəbiyyatı" kafedrası adlanırdı) keçmiş və həmin
kafedrada dosent, professor işləmişdir. 1989-cu ildən bu kafedranın
müdiridir.1975-ci ildə "XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycan-rus
ədəbi əlaqələri" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş, filologiya
elmləri doktoru elmi dərəcəsi almışdır.Şamil Qurbanov Azərbaycan ədəbiyyatında
yeni səhifələr açmış, indiyə qədər mə’lum olmayan və ya az mə’lum olan
şəxsiyyətləri üzə çıxarmışdır. Bunlar Hüseyn Minasazov, Rəhimbəy Məlikov, Məmməd
Qarayev, Həmzətbəy Qəbulov, Şirvanski, Sona xanım Axundova, Kərim Yaycılı və
başqalarıdır. Onun Əlibəy Hüseynzadə, Əhmədbəy Ağaoğlu, M.Ə.Rəsulzadə haqqında
da dərin tədqiqat əsərləri vardır.Onun ən böyük ədəbi xidməti Ömər Faiq
Ne’manzadə və Şeyx Cəmaləddin Əfqani haqqında tədqiqatlarıdır. Bunların hərəsi
haqqında məqalələrdən əlavə 4-5 kitab nəşr etdirmişdir, onların böyük xidmətləri
şərh olunmuşdur.1978-ci ildən 1992-ci ilə qədər doktorluq elmi dərəcəsi verən
Elmi şuranın elmi katibi işləmişdir. 1981-1992-ci illərdə filologiya
fakültəsinin qiyabi və axşam şö’bəsinin dekanı olmuşdur. Şamil Qurbanov 10-dan
çox beynəlxalq simpozium və konfranslarda (Ankara, Bursa, Tehran,. Bağdad,
İsfahan, Moskva, Tbilisi, Daşkənd və Düşənbə) iştirak etmiş, Daşkənd və Tbilisi
ali məktəblərində Azərbaycan ədəbiyyatından dərs demişdir. Şamil Qurbanov
1980-ci ildən BDU-nun professorudur.22 kitabın, 300-dən çox məqalənin
müəllifidir. Məqalələri İran, İraq, Türkiyə, Gürcüstan və s. ölkələrdə çap
olunmuşdur. 1995 və 2000-ci ildə majoritar yolla Bakı şəhərinin Nizami
rayonundakı 12 saylı seçki dairəsindən Milli Məclisə deputat seçilmişdir. O,
hazırda Bakı Dövlət Universitetinin "Türk və Şərqi slavyan xalqları ədəbiyyatı"
kafedrasının müdiridir, millət vəkili kimi respublika Parlamentində fəal iştirak
edirdi. O,2004-cü
ilin yanvar ayına Bakı şəhərində vəfat etmişdir.
ŞƏMİSTAN
MİKAYILOV
Şəmistan Abdu oğlu Mikayılov 1929-cu ilin oktyabr ayında Borçalı mahalının
Faxralı kəndində anadan olmuşdur. İbtidai sinfə doğma Faxralı kəndində getmiş,
1944-1945-ci tədris ilində məktəbin 10-cu sinfində təhsilini davam etdirmiş,
lakin riyaziyyat, fizika və kimya müəllimləri olmadığı üçün buraxılış imtahanı
götürülməmişdir. Bu səbəbdən ona orta təhsil haqqında sənəd
verilməmişdir.Şəmistan Mikayılov X sinifdə oxuduğu barədə arayışla Marneulli
qəsəbəsində fəaliyyət göstərən Borçalı Türk Pedaqoji Texnikumunun son kursuna
daxil olmuşdur. 1947-ci ildə Pedaqoji Texnikumu bitirdikdən sonra tə’yinatla
doğma Faxralı orta məktəbinə sinif müəllimi tə’yin olunmuşdur.1948-ci ilin
avqust ayında Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya
fakültəsinin məntiq-psixologiya şö’bəsinə daxil olmuşdur. Ə’la qiymətlərlə
Universiteti bitirmiş, tə’yinatla Faxralı kənd orta məktəbində məntiq
psixologiya və ədəbiyyat müəllimi kimi pedaqoji fəaliyyətə başlamışdır. 1958-ci
ilin payızında Azərbaycan Elmi-Tədqiqat Pedaqogika İnstitutunda (indiki
ETPEİ-nin) ədəbiyyatın tədrisi metodikası üzrə aspiranturaya daxil olmuşdur.
Şəmistan Mikayılov prfessor Əliyar Qarabağlının elmi rəhbərliyi ilə "V-VIII
siniflərdə ədəbiyyat nəzəriyyəsi anlayışlarının öyrədilməsi" mövzusunda
namizədlik dissertasiyasını tamamlayıb, 1963-cü ildə Azərbaycan Dövlət Pedaqoji
İnstitutunun (indiki ADPU-nun) elmi şurasında müdafiə etmiş və elmi dərəcə
almışdır. Şəmistan Mikayılov tədris metodikası probleminə dərindən nüfuz etmək
məqsədilə Bakının 31 saylı məktəbində (ETPEİ-nin baza məktəbi) ədəbiyyat
nəzəriyyəsi üzrə fakültativ kurs aparmış, Naxçıvanda, Bakıda, Yerevanda
ədəbiyyat müəllimlərinin təkmilləşdirmə kurslarında mühazirələr oxumuşdur.
Şəmistan Mikayılov namizədlik dissertasiyasını müdafiə etdikdən sonra on il
ardıcıl olaraq tədqiqat aparmış və 1974-cü ildə doktorluq dissertasiyası müdafiə
edib, filologiya elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür.1974-1975-ci
illərdə Şəmistan Mikayılov ETPEİ-də ədəbiyyatın tədrisi metodikası şö’bəsinə
müdir tə’yin olunmuşdur. Şəmistan Mikayılovun ədəbiyyatın tədrisi metodikası
üzrə fəaliyyəti çoxşaxəli olmuşdur. "Orta məkətbdə ədəbiyyat tədrisi" kitabı
böyük uğur qazanmışdır. Bu kitabın 2-ci hissəsi Ş.Mikayılovun rəhbərliyi altında
1976-cı ildə işıq üzü görmüşdür. Şəmistan Mikayılovun elmi-pedaqoji
fəaliyyətinin bir istiqamətini ədəbiyyat proqramlarının təkmilləşdirilməsi
təşkil etmişdir. 1977-1994-cü illər arasında ədəbiyyatdan proqram və
dərsliklərin hazırlanmasına rəhbərlik etmişdir. 1995-ci ildə Tələbə Qəbulu üzrə
Dövlət Komissiyasının sifarişi ilə ədəbiyyat üzrə test proqramı hazırlamışdır.
Şəmistan Mikayılovun tədqiqatının mərkəzi xəttini ədəbiyyat nəzəriyyəsi
tədrisinin nəzəri-metodik problemlərinin öyrənilməsi təşkil etmişdir. Onun "Ədbiyyat
nəzəriyyəsi" kitabı hər bir orta məktəb şagirdinin və müəlliminin stolüstü
kitabına çevrilmişdir. Şəmistan Mikayılovun elmi yaradıcılığı 12 proqram, 7
dərslik və dərs vəsaiti, 20-yə yaxın metodik kitab və kitabçalarda öz əksini
tapmışdır. Şəmistan Mikayılovun 200-ə yaxın elmi məqaləsi çap olunmuşdur.
Şəmistan Mikayılovun rəhbərliyi və oppanentliyi nəticəsində 5 nəfər elmlər
doktoru, 30-a yaxın elmlər namizədi müdafiə etmişdir. O, 20-yə yaxın beynəlxalq
və keçmiş SSRİ-nin mərkəzi şəhərlərində keçirilən konfranslarda yaxından iştirak
etmiş və məqalələr çap etdirmişdir.
Hal-hazırda
ETPEİ-də direktor vəzifəsini icra edir.
TAHİR
PƏNAHOV
Tahir Musa oğlu Pənahov 1936-cı il iyunun 10-da anadan olmuşdur. 1955-ci ildə
Faxralı orta məktəbini bitirmişdir. 1960-cı ildə Azərbaycan Dövlət Pedaqoji
İnstitutunun fizika-riyaziyyat fakültəsini bitirmiş və tə’yinatla Azərbaycan
Politexnik İnstitutunun fizika kafedrasına işə göndərilmişdir. 1962-ci ildə
Azərbaycan EA-nın Fizika İnstitutunda aspiranturaya qəbul olunmuş, maqnit
hadisələri, metallar fizikası və dəqiq ərintilərin fiziki metalşünaslığı
istiqamətində elmi işlər aparmış, 1966-cı ildə namizədlik dissertasiyası müdafiə
etmiş, fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi almışdır. 1988-ci ildə "Nikel
əsasında ikiqat və üçqat ərintilərin strukturası və fiziki xassələri" mövzusunda
doktorluq dissertasiyası müdafiə etmişdir. 1989-cu ildən professordur. Müxtəlif
tərkibli poladların fiziki xassələrinin tədqiqi ilə əlaqədər olaraq bir neçə
elmi mərkəz və zavodlarla təsərrüfat hesablı müqavilələr əsasında tədqiqat
işləri aparmış, 18 elmi işinin nəticəsi istehsalata tətbiq edilmiş və böyük
iqtisadi səmərə vermişdir. 40-dan çox beynəlxalq və respublika konfranslarında
mə’ruzələr etmişdir. Onun 7-dən çox müəlliflik şəhadətnaməsi vardır, 150-dən çox
elmi məqaləsi çap edilmişdir. 10-dan çox aspirant və tədqiqatçının elmi işlərinə
rəhbərlik və opponentlik etmiş, elmlər namizədi yetişdirmişdir. Hazırda
çoxkomponentli yumşaq və bərk maqnit materialların texnologiyası, struktur və
fiziki xassələrinin kompleks öyrənilməsi ilə bağlı, müasir avadanlıqlarla təchiz
edilmiş "Metal və ərintilərin fizikası" elmi-tədqiqat laboratoriyasına rəhbərlik
edir. 1965-1993-cü illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində
aspirantura, doktorantura keçmişdir. Amorf materialların texnologiyası sahəsində
tədqiqatlar aparmaq üçün Budapeşt Texniki Universitetində e’zamiyyətdə olmuş və
elmi mühazirələr oxumuşdur.Son beş ildə 10-dan çox elmi konfranslarda çıxış
etmişdir. AzTU-nun "metallurgiya" fakültəsində 1991-ci ildə "Metalların fizikası"
ixtisasının açılmasının təşəbbüskarı olmuş və tədris planına uyğun olaraq,
"Metal və ərintilərin fiziki xassələri", "Eksperimentin texnikası", "Eksperimentin
təşkili", "Dəqiq ərintilərin fiziki metalşünaslığı" və s. proqramları tərtib
edib çapdan çıxarmışdır. "Metal və ərintilərin fiziki xassələri", "Dəqiq
ərintilərin fiziki metalşünaslığı" dərs vəsaitlərini çap
etdirmişdir.İxtisaslışdırılmış müdafiə şurasının, Universitet və fakültə elmi
şuralarının üzvü olmuşdur. Bir neçə elmi yaradıcılıq Akademiyasının üzvüdür.
Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutu və digər elmi mərkəzlərdə
1960-cı ildən indiyə qədər birgə elmi tədqiqat işləri aparır və təcrübə
mübadilələrində iştirak edir.
ƏLİ
HÜSEYNOV
Əli Məhərrəm oğlu Hüseynov 1935-ci il dekabrın 5-də Bolus nümayəndəliyinin (Bolnisi
rayonunun) Faxralı kəndində anadan olmuşdur. 1941-ci ildə Faxralı orta
məktəbinin birinci sinfinə daxil olmuş, 1952-ci ildə XI sinfi müvəffəqiyyətlə
bitirmişdir.
1952-1953-cü
illərdə kolxoz təsərrüfatlarında işləmiş, 1954-cü ildə Azərbaycan Dövlət
Universitetinin (indiki BDU-nun) biologiya fakültəsinə daxil olmuşdur. 1959-cu
ildə universiteti ə’la və yaxşı qiymətlərlə bitirmiş, bioloq ixtisasına
yiyələnmişdir. Həmin il Faxralı orta məktəbində kimya və biologiya müəllimi,
sonra isə direktor müavini tə’yin edilmişdir. 1965-ci ilin noyabr ayından Bakı
Dövlət Universitetinin biologiya fakültəsinin nəzdində biokimya ixtisası üzrə
aspiranturaya daxil olmuşdur. O, "Müxtəlif nisbətlərdə makro və mikrogübrələrin
pambıq bitkisinin toxumlarında yağın miqdarına və keyfiyyətinə tə’siri"
mövzusunda namizədlik dissertasiyası üzərində işləmişdir. Tədqiqat işini keçmiş
Leninqrad şəhərində aparmış və müvəffəqiyyətlə dissertasiya müdafiə etmişdir.
Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda (indiki ADİU-da) saathesabı müəllim,
Azərbaycan EA Botanika İnstitutunda kiçik elmi işçi işləmişdir. 1971-ci ildən
1982-ci ilə kimi Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda baş elmi
işçi vəzifəsində çalışmışdır. 1982-ci ildə hazırkı Azərbaycan Dövlət Pedaqoji
Universitetində dosent vəzifəsini tutmuşdur.
1995-ci ildə Bakıda "Naxçıvan" özəl Universitetində biologiya kafedrasında
professor yerini tutmuşdur. Hal-hazırda ADPU-nun biologiya tədrisi metodikası
kafedrasının müdiridir.Ə.Hüseynov 1998-ci ildə "Orta məktəbdə biologiya
tədrisinin nəzəri və metodiki əsasları" mövzusunda doktorluq dissertasiyası
yazmış və AAK-ya təqdim etmişdir.Ə.Hüseynov elmi-pedaqoji fəaliyyəti ilə
əlaqədar olaraq ADPU-da müdafiə şurasının, universitetin elmi şurasının, Təhsil
Nazirliyinin elmi-metodik şurasının üzvü seçilmişdir. Əli Hüsyenov 150-dən çox
elmi və elmi metodik məqalə, kitab, dərslik və monoqrafiyaların müəllifidir.
Orta və ali məktəblər üçün 2 dərslik və dərs vəsaiti, 10 proqram yazıb çap
etdirmişdir."Təbiətşünaslıq" orijinal dərsliklərinə görə 1990 və 1993-cü illərdə
Azərbaycan Təhsil Nazirliyinin və akademik Xudu Məmmədov adına respublika
mükafatına layiq görülmüşdür.1998-ci ildə Beynəlxalq Biologiya Cəmiyyətinin
diplomunu almışdır. İngiltərənin Kembric Universitetində dünyanın 500 məşhur
alimləri içərisində onun ingiliscə tərcümeyi-halı verilmişdir. Beynəlxalq
Biologiya cəmiyyətinin "Qızıl" medalına, "Qızıl ulduz" medalına layiq
görülmüşdür. Amerika Bioqrafiya İnstitutu Kembric Universitetindən aldığı
mə’lumata əsasən onu Amerika Bioqrafiya İnstitutunun üzvü seçmişdir. Elmi
fəaliyyətinə görə ABİ-nin "Qızıl heykəl" və "Honor" medalına layiq
görülmüşdür.Əli Hüseynovun "Təbiətşünaslıq" dərslikləri rus dilinə, V sinif üçün
dərsliyi həm də ingilis dilinə tərcümə olunmuşdur. Əli Hüseynov elmi-pedaqoji
fəaliyyətini ADPU-da kafedra müdiri vəzifəsində davam etdirir.
ƏFLATUN
HƏSƏNOV
Əflatun Mürsəl oğlu Həsənov 1959-cu il dekabrın 12-də Bolnisi rayonunun Faxralı
kəndində anadan olmuşdur. 1976-cı ildə Faxralı kəndində orta məktəbi, 1980-ci
ildə isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fizika fakültəsini
bitirmişdir. 1981-1982-ci illərdə hərbi xidmətdə olmuşdur. 1983-cü ildə
Azərbaycan SSR Elmlər Akademiyasının Radiasiya Tədqiqatları Sektorunda elmi işçi
vəzifəsində işləmiş, 1985-ci ildə isə Leninqrad Dövlət Universitetində
aspiranturada oxumuşdur. 1987-ci ildə "Radiasiya və elektrik boşalmasının
tə’siri altında oksid bor maddəsinin səthində baş verən proseslərin"
öyrənilməsinə aid namizədlik dissertasiyası, 2000-ci ildə isə bərk cisimlər
ixtisası üzrə "Geniş qadağan olunmuş zonalı dielektriklərin iştirakı ilə
radiasion və plazma heterogen proseslərin müqayisəli qanunauyğunluqları"
mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 53 elmi əsərin müəllifidir.
Bu əsərlərdən 6-sı Rusiya dövlətinin patenti olmuş, atom və plazma-generatorunda
istifadə olunan maddələrin köməyi ilə hidrogen-enerjidaşıyıcısı alınmasına həsr
olunmuşdur. Bir monoqrafiya, xarici ölkələrdə çap olunan 16 əsərin müəllifidir.
(Böyük Britaniya, Almaniya, Macarıstan, Türkiyə və s.). Onun rəhbərliyi altında
iki elmlər namizədi müdafiə etmişdir. Hal-hazırda Azərbaycan Elmlər
Akademiyasının Radiasiya tədqiqatları bölməsinddə laboratoriya müdiri
vəzifəsində işləyir.
|